3 fevral 1949-cu ildə Tərtər rayonunda doğulmuşdur. 1956-cı ildə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı orta məktəbin birinci sinfinə getmiş və beşinci sinfə kimi burada oxumuşdur. Sonra o, təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Səkkizinci sinfi bitirdikdən sonra Bakı Energetika Texnikumuna qəbul olmuşdur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir. Gənc mütəxəssis kimi o, Udmurt vilayətinin İjevsk şəhərindəki neft mədənlərinin birində əmək fəaliyyətinə başlayır. Elə oradan da ordu sıralarına çağırılır. O, Hərbi xidmətini Novosibirskdə keçmiş və burada zabitlik kursunu bitirmişdir. Raket-artilleriya qoşun hissələrində xidməti ona böyük təcrübə qazandırmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakı Mayesiz Transformatorlar Zavodunda işləmişdir. Ş.Tağıyev sonra tikintidə mühəndis işləyir və daha sonra isə “Elgün” assosiasiyasında çalışmağa başlayır. Respublikamızın ərazilərinə erməni müdaxiləsi başlayanda Şahin silah götürüb Vətənin müdafiəsinə qalxır. O, yenicə yaradılmış “Qurtuluş” batalyonunun tərkibində Tərtər, Seysulan, Yarımca, Levonarx döyüş bölgələrində mərdliklə vuruşmuşdu. 1992-ci ilin mart ayında yüksək etimad göstərərək onu “Qurtuluş” batalyonuna komandir təyin edirlər. Batalyon tərkibində 350 əsgər və zabiti birləşdirirdi. Vətənin şərəfini, millətin namusunu hər şeydən uca tutan polkovnik-leytenant Şahin Tağıyevin ən böyük amalı qüdrətli ordunun yaradılması və düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsidir. Hazırda Qarabağ Azadlıq Təşkilatının sədr müavini kimi fəaliyyət göstərir. Ailəlidir. İki övlad atasıdır. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Şahin Tağıyev 1998-ci ildə Qarabağ Koordinasiya Şurasının fəaliyyətində fəal iştirak etmişdir. O, Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından biri olmuş, 2000-ci ildə təşkilatın bərpa qurultayında Ali Məclisin üzvü və sədr müavini seçilmişdir.
2001-ci ildən İsveçdə mühacirətdə yaşamışdır.
Şahin Tağıyev 2024-cü ildə infarkt keçirmiş, daha sonra beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. Bundan sonra İsveçin Malmö şəhərində yerləşən “Oxie” qocalar evində yaşamışdır.
O, 29 dekabr 2025-ci ildə 76 yaşında uzun sürən xəstəlikdən sonra Malmö şəhərində vəfat etmişdir. 15 yanvar 2026-cı ildə nəşi Azərbaycana gətirilmiş və Hərbi Memorial Məzarlıqda (II Fəxri xiyaban) dəfn olunmuşdur.